Yuri Berçiçe Bilbao “Atletik”i ilə müqaviləsini yenilədi

Bilbao “Atletik”inin veteran ispaniyalı sol cinah müdafiəçisi Yuri Berçiçe klubla anlaşaraq, müqaviləsini yeniləyib.

Arena.az bu barədə “Atletik”in rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

34 yaşlı veteran futbolçu bu münasibətlə açıqlama verib:
“Çox şadam ki, “Atletik” ailəsinin bir hissəsi olaraq qala biləcəyəm. Mən bura altı il əvvəl gəlmişəm və hamı həmişə mənimlə çox yaxşı davranıb.

Bu il bizim üçün hər şey çox yaxşı gedir. Biz bilirik ki, heç nə asan olmur, amma ümidvaram ki, mövsümü ən yaxşı şəkildə başa vuracağıq”, – “Atletik”in mətbuat xidməti Berçiçedən sitat gətirir.

Yuri Berçiçe “Atletik”ə 2018-ci ilin iyulunda 24 milyon avro məbləğ müqabilində PSJ-dən keçib.

Cari mövsümdə Berçiçe “Atletik”in heyətində bütün yarışlarda 26 oyuna 3 qol, 2 məhsular ötürmə ilə fərqlənib. Berçiçenin Bilbao komandasının heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 188 oyun, 14 qol, 16 məhsuldar ötürmə.

Veteran futbolçunun qənimətlər muzeyində PSJ ilə qazandığı Fransa çempionluğu, Fransa Kuboku və Fransa Liqa Kuboku var. Həmçinin Berçiçe “Eybar”la İspaniya Sequndasının qalibi olub.

Yuri Berçiçe milli yığma komandada çıxış etməyib.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.