Yuri Qura: “Zirə” çox yaxşı təşkilatlanmış komandadır”

Moldovanın “Şerif” komandasının baş məşqçisi Yuri Qura Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasının 1-ci təsnnifat mərhələsinin püşkü atılıb və “Şerif” Azərbaycan təmsilçisi “Zirə”yə rəqib olub.

Moldova təmsilçisinin baş məşqçisi Yuri Qura klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Avropa Liqasında zəif rəqib yoxdur. Azərbaycan təmsilçisi “Zirə” də çox yaxşı təşkilatlanmış komandadır. “Zirə” mümkün rəqiblər arasında ən çətinlərindən biri idi. Öz çempionatında az qol vurub, az top buraxır. Rəqib haqqında daha çox məlumat toplamağa çalışacağıq”.

Ukraynalı mütəxəssis ilk oyunun Tiraspolda keçirilməsinin böyük əhəmiyyət kəsb etmədiyini bildirib: “İndi səfər qələbəsi rol oynamır. Bu baxımdan ilk görüşün harada olmasının heç bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 11-də Tiraspolda olacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.