Yuri Vernidub: “Bu oyundan uzaqlaşmaq istəyirəm”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la matçdan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Neftçi” azarkeşlərini təbrik edirəm. Bu, bizim üçün çox önəmli bir qələbə idi. Eyni zamanda bundan əvvəlki ağır məğlubiyyətə görə onlardan bir daha üzr istəyirəm. “Neftçi” elə bir komandadır ki, daim eyni yüksək səviyyədə oynamalı və rəqibə pressinq tətbiq etməlidir. Ötən matçda necə oynadığımızı gördünüz və 1:5 hesabı ilə uduzduq. Biz həmin məğlubiyyətdən lazımi nəticələr çıxardıq və məhz buna görə də bu gün meydanda yaxşı oyun nümayiş etdirdik”.

Yuri Vernidub gərgin matçın onu emosional baxımdan çox yorduğunu vurğulayaraq jurnalistlərdən anlayış göstərmələrini və bu dəfə sual verməmələrini xahiş edib:

“Sizdən bir xahişim var. Hazırda o qədər fərqli hisslər keçirirəm ki, mümkünsə, bu gün mənə sual verməyəsiniz. Qarşıda hələ 4 oyunumuz var, o zaman nə qədər istəsəniz, suallarınızı məmnuniyyətlə cavablandırmağa hazıram. Hazırda sadəcə oyundan uzaqlaşmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi anlayışla qarşılayacaqsınız. Bu, qətiyyən sizə qarşı hörmətsizlik deyil, hər birinizə böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, siz həmişə maraqlı suallar verirsiniz və mən də onları səmimi şəkildə cavablandırıram. Lakin bu gərgin matç məni emosional baxımdan o qədər yordu və bütün enerjimi aldı ki, bu dəfəlik sual-cavab hissəsi olmasa, daha yaxşı olar. İnanın ki, hamınıza dərin hörmətim var”.

Xəbəri sosial şəbəkələrdə paylaş: