Yusuf Laval “Neftçi”dən gedir – Portuqaliya klubuna satıldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval paytaxt klubu ilə yolları ayırıb. Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” ilə Portuqaliyanın “Aruka” klubu arasında Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb. Nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. Futbolçu viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Yusuf Laval 2020-ci ilin iyul ayından “Neftçi”də forma geyinirdi. 24 yaşlı futbolçu paytaxt təmsilçisində 88 oyuna çıxıb. O, bu matçlarda 6 qol və 19 məhsuldar ötürmə müəllifi olub. Sol cinah vingeri daha öncə Belçikanın “Lokeren” klubunda da forma geyinib.