Yusuf Yazıcı Avroliqanın tarixinə keçdi

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Niderland “Ayaks”ı ilə oyun Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisinin 1:2 hesabıyla uduzduğu oyunda komandasının yeganə qoluna imza atan Türkiyə millisinin üzvü, Avroliqanın bir mövsümündə ən çox qol vuran türk futbolçu olub.

“Ayaks”la oyuna qədər 6 qolu olan futbolçu bu görüşdə də fərqlənməklə rəqib qapılarından keçirdiyi topların sayını 7-yə çatdırıb. Yusuf Avroliqanın qrup mərhələsində “Milan” (İtaliya) və “Sparta” (Praqa, Çexiya) ilə oyunlarda da het-trikə imza atmışdı. Bu üzdən 24 yaşlı futbolçu iki dəfə həftənin ən yaxşı oyunçusu da seçilmişdi.

Qeyd edək ki, “Lill” “Ayaks”a 1:2 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.

Yusuf Yazıcı bu mövsüm Liqa 1-də meydana çıxdığı 22 oyunda da 7 qola imza atıb.

Yusuf 2019-cu ildən “Lill”də çıxış edir. O, Fransa klubuna “Trabzonspor”dan transfer edilib.

Təcrübəli futbolçu 2017-ci ildən Türkiyə yığmasına da dəvət olunur. Daha öncə U-19 və U-21 yığmalarında da oynamış yarımmüdafiəçi, əsas millidə meydana çıxdığı 27 oyunda bir qolla yadda qalıb.

Yazıcının formasını geyindiyi “Lill” bu mövsüm Fransa çempionatında da uğurlu çıxışı ilə seçilir. Sözügedən komanda bu mövsüm meydana çıxdığı 26 oyunda 17 qələbə qazanıb, 7 heç-heçə edib, cəmi 2 görüşdə məğlub olub. Komanda topladığı 58 xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.