Futbol üzrə Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”un yeni transferi Yusuf Yazıcı sıradan çıxıb.
Arena.az bu barədə Yunanıstan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Yunanıstan çempionatının 9-cu turunun “Asteras”la görüşündə meydana sonradan daxil olan Yusuf zədələnib. Türkiyə millisinin üzvünün sol ön çarpaz bağlarının qopduğu bildirilir. Onun mövsümü indidən başa vurduğu açıqlanıb.
Bununla da, Yazıcının Avropa Liqasında “Olimpiakos” – “Qarabağ” matçında meydana çıxmayacağı dəqiqləşib. Pireydə keçiriləcək bu oyun 2025-ci il yanvarın 30-da baş tutacaq.
Xatırladaq ki, Yusuf Yazıcı bu ilin sentyabr ayının sonlarında azad agent kimi “Olimpiakos”la anlaşmışdı. O, 2027-ci il iyunun 30-na qədər Yunanıstan klubuna məxsusdur. Türkiyəli futbolçu indiyə qədər bu komandanın heyətində cəmi 1 oyuna çıxıb və 20 dəqiqə oynayıb. Məsələ burasındadır ki, “Asteras”la görüş Yusufun “Olimpiakos”dakı debüt matçı idi.
Yusuf Yazıcı “Olimpiakos”dan öncə Fransada “Lill”in formasını geyinib. O, Liqa 1 klubunun düşərgəsinə 2019-cu ilin avqustunda 18,5 milyon avro qarşılığında yetirməsi olduğu “Trabzonspor”dan keçmişdi. Bu müddətdə Yazıcı 2022-ci ilin yanvarından iyununa qədər Moskva CSKA-sında icarədə olub. O, həmçinin bir müddət icarə əsasında “Trabzonspor”a da qayıbıb və 2023-cü ilin iyununda yenidən “Lill”ə qoşulub. Yusufun “Lill”in heyətində ümumi statistikası belədir: 135 oyun, 29 qol, 15 məhsuldar ötürmə.
Türk futbolçu “Lill”in 2020/2021 mövsümündə Fransa çempionluğunu qazanmasında oyunu ilə müstəsna xidmətlər göstərib. Yazıcı həmçinin 2021/2022 mövsümündə Fransa Super Kubokunu qazanıb. Yusuf 7 qolla Avropa Liqasının 2020/2021 mövsümünün ən sərrast futbolçusu olub.
Yusuf Yazıcı 2017-ci ilin iyununda debüt etdiyi Türkiyə millisinin heyətində 45 oyuna 3 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet portalı 27 yaşlı Yusuf Yazıcını 10 milyon avro məbləğində qiymətləndirir.


