“Yuventus” rəhbərliyi Massimiliano Alleqrini “byankoneri”nin baş məşqçisi vəzifəsindən istefaya göndərmək niyyətindədir.
Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klub rəhbərliyi italyan mütəxəssisin rəhbərliyi altında “Yuventus”un mövsümün ikinci yarısında göstərdiyi nəticələrdən narazıdır. Belə ki, “byankoneri” son 8 oyunda cəmi 1 qələbə qazanıb. İtaliya A Seriyasının ikinci dövrəsinə lider “İnter”i təqib etməklə çempionluğa iddia ilə başlamış “Yuventus” indi 29 turdan sonra 59 xalla yarış cədvəlinin 3-cü pillədə qərarlaşıb. “Qoca sinyora” çempionatın lideri “İnter”dən (76 xal) 17 xal geri qalır.
“Yuventus” rəhbərliyi komandanın Çempionlar Liqası bölgəsindən kənarda qalacağından da ciddi ehtiyat edir. Belə ki, “Bolonya” və “Roma” təqibçilər olmaqla yanaşı, əla idmani forma yığıblar.
“Yuventus”un Alleqrini istefaya göndərmək qərarına 56 yaşlı mütəxəssisə bu halda ödəməli olacağa böyük təzminat məbləği əngəl yaradır. Klubla mütəxəssis arasında qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq, “Yuventus” işdən çıxarılacağı təqdirdə məşqçiyə təxminən 20 milyon avro məbləğində təzminat ödəməyə mükəlləf olacaq. Bu isə “Yuventus” üçün hazırda ancaq ziyana düşmək deməkdir. Odur ki, klub rəhbərliyi gözləməyə mövqeyi tutmağa üstünlük verir.
Massimiliano Alleqri “Yuventus”u 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssis buna qədər Turin klubu ilə 5 il (2014-2019-cu illər) çalışıb. Alleqrinin “byankoneri” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Məşqçilik karyerası ərzində 56 yaşlı məşqçi 13 titul qazanıb: 11-i “Yuventus”la, 2-si isə “Milan”la.