“Yuventus” Anxel Di Mariya ilə bağlı qərarını dəyişdi

“Yuventus”un argentinalı yarımmüdafiəçisi Anxel Di Mariya cari mövsümün bitməsilə “Qoca Sinyora”dan ayrılacaq.

Arena.az “Goal” dərgisinə istinadən xəbər verir ki, Di Mariyanın müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Tərəflər müqavilənin uzadılması ilə əlaqədar razılıq əldə edilməsi üçün bir müddətdir danışıqlar aparırdılar. Ancaq “Yuventus”un transfer strategiyasında dəyişiklik olub. İndi turinlilər Di Mariyanın xidmətində maraqlı deyillər və imtina mövqeyi tutublar.

Di Mariya “Yuve”yə 2022-ci ilin yayında gəlib. O, A Seriyasında 24 oyun keçirib, 4 qol vurub, eyni sayda da məhsuldar ötürmə ilə fərqlənib. 35 yaşlı Turin klubunda bütövlükdə 38 oyuna çıxıb, 8 qol və 7 asistlə yadda qalıb.

Anxel Di Mariya əvvəllər PSJ (295 oyun, 93 qol, 119 asist), “Real” (190 oyun, 36 qol, 85 asist), “Benfika” (121 oyun, 15 qol, 28 asist), “Rosario Sentral” (39 oyun, 6 qol) və “Mançester Yunayted”də (32 oyun, 4 qol, 12 asist) də oynayıb. Təcrübəli oyunçu Argentina milli komandasında da 131 oyun keçirib, 29 qola imza atıb.