“Yuventus” daha bir ittihamla üz-üzə

İtaliya Futbol Federasiyası son illərdə adı müxtəlif qalmaqallarla yanaşı çəkilən “Yuventus” klubuna qarşı daha bir ittiham irəli sürüb. Arena.az xəbər verir ki, Turin klubu bu dəfə maaş maxinasiyasında günahlandırılır.

Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “qoca sinyora” bu işdə yeddi sabiq futbolçusundan və hazırkı direktorundan istifadə edib. İddiaya görə, əməkhaqqı hesabatlarının manipulyasiyası COVID-19 pandemiyası zamanı illik balansda itkiləri süni şəkildə azaltmaq məqsədi daşıyıb.

Xatırladaq ki, daha əvvəl İtaliya Futbol Federasiyası maliyyə fırıldağına görə bu komandanın 15 xalını silmişdi. Amma ötən ay həmin silinmiş xalların müvəqqəti olaraq bərpa olunduğu açıqlanıb. Hazırda həmin işlə bağlı məhkəmə prosesi və araşdırma davam edir. Yekunda nəinki həmin xallar yenidən silinə, hətta klubun daha da sərt cəzalanması ehtimalı var.

“Yuventus” bu mövsüm İtaliya A Seriyasında 69 xalla ikinci pillədə qərarlaşıb. Bu komandanı çempionluğu artıq təmin etmiş lider “Napoli”dən 14 xal ayırır. Turin təmsilçisi A Seriyası ilə yanaşı, bu mövsüm iştirakçısı olduğu digər turnirlərdə də qalib olmaq şansını itirib. Yəni İtaliyanın ən titullu komandasının bu mövsümü mükafatsız başa vuracağı dəqiqdir.