“Yuventus” Kambyazonu transfer etdi, Draquşini icarəyə göndərdi

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Turin təmsilçisi “Cenoa”nın müdafiəçisi Andrea Kambyazonu transfer edib.

Bu barədə Turin klubunun rəsmi saytı xəbər yayıb. 22 yaşlı italiyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “Cenoa”ya 8.5 milyon avro ödənilib.

Andrea Kambyazo “Cenoa”nın öz yetirməsidir. O, bu klubda olarkən “Albissola”, “Savona”, “Alessandriya” və “Empoli” kimi komandalarda icarədə oynayıb. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə “Cenoa”nın heyətində 27 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçu İtaliyanın U-21 yığmasında da oynayıb.

“Yuventus” bu transferin qarşılığında öz müdafiəçisi Radu Draquşini də “Cenoa”ya icarəyə verib. Bu barədə həm Turin, həm də Genuya təmsilçisi rəsmi saytları vasitəsilə məlumat yayıblar. Transfer məbləği 5.5 milyon avro olan rumıniyalı müdafiəçinin müqaviləsinin müddəti 2023-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə satınalma şərti də var.

Radu Draquşin 2018-ci ildə “Yuventus”a cəlb olunub. O, Turin təmsilçisinin əsas komandasında cəmi 4 oyuna çıxıb. Rumıniya yığmasının da üzvü olan 20 yaşlı mərkəz müdafiəçisi geridə qalan mövsümdə “Sampdoriya” və “Salernitana”da icarədə oynayıb.