“Yuventus” Lua Openda və Edon Jeqrovanı heyətinə qatdı

İtaliyanın “Yuventus” klubu heyətini iki yeni futbolçu – mərkəz hücumçusu Lua Openda və sağ vinger Edon Jeqrova ilə gücləndirib.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Openda Almaniyanın “Leypsiq” klubundan 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. Turinlilər belçikalı forvardın bir mövsümlük icarəsi üçün 3,3 milyon avro ödəyiblər. İtaliya nəhəngi gələn yay onun transfer hüquqlarını almaq istəsə, əlavə 42 milyon avro ödəməli olacaq.

Lua Openda Belçikanın “Standard” və “Brügge” klublarının yetirməsidir. “Vitess” və “Lans”da da oynamş hücumçu “Leypsiq”ə 2023-cü ilin yayında 40 milyon avro müqabilində cəlb edilib. O, Almaniya klubunun heyətində 93 oyun keçirib, 41 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Openda 2022-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 27 oyuna 3 qol vurub.

Edon Jeqrova isə Fransanın “Lill” klubundan tamhüquqlu əsasda, 15,5 milyon avroya transfer edilib. 26 yaşlı kosovolu futbolçu “Yuventus”la 5 illik (2030-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb.

Edon Jeqrova peşəkar karyerasına Belçikanın “Genk” klubunda başlayıb. Daha sonra “Bazel”də də oynamış futbolçu 2022-ci ildə 7 milyon avro müqabilində “Lill” klubuna keçib. Liqa 1 təmsilçisinin heyətində 107 oyun keçirmiş Jeqrova, 26 qol vurub, 18 assist müəllifi olub.

Kosovolu futbolçu 2018-ci ildən yığmada forma geyinir. O, indiyə qədər millinin heyətində 34 oyuna çıxıb, 4 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: