“Yuventus” Manuel Lokatelli ilə gücləndi

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Turin təmsilçisi “Sassuolo”dan Manuel Lokatellini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Yuventus” 23 yaşlı yarımmüdafiəçini satınalma şərti ilə 2 illik icarəyə götürüb. Turinlilər 2 il sonra futbolçunun transfer hüququnu almaq istəsə, bunun üçün “Sassuolo”ya 25 milyon avro ödəyəcək. Bonuslarla bu məbləğin daha 12.5 milyon avro artması nəzərdə tutulub.

Qeyd edək ki, Manuel Lokatelli “Milan”ın yetirməsidir. Yarımmüdafiəçi 2015-2018-ci illər aralığında bu komandanın heyətində 63 oyuna çıxıb, 2 qol vurub. 2018-ci ildən isə o, “Sassuolo”da forma geyinirdi. Sonuncu iş yerində 68 matçda 4 qolla yadda qalan italiyalı futbolçu, ölkəsinin millisinə də dəvət alır. O, İtaliya yığmasında 15 matça çıxıb və 3 qola imza atıb.