“Yuventus” onu “Kalyari”yə icarəyə verdi

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Yuventus”un müdafiəçisi Daniele Ruqanini heyətinə qatıb.

26 yaşlı mərkəz müdafiəçisi mövsümün əvvəlində Fransanın “Renn” klubuna icarəyə verilsə də, Turin klubu onu qışda geri qaytarmağa qərar verib. Nəticədə, İtaliya yığmasının üzvü “Kalyari”yə icarəyə verilib. O, mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.

Klub öz futbolçularından bir neçəsini də icarəyə verib. İtaliya təmsilçisi yarımmüdafiəçisi Kristian Olivanı İspaniyanın “Valensiya” klubuna icarəyə göndərib. Uruqvaylı 24 yaşlı futbolçu La Liqa təmsilçisi tərəfindən satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. O, bu mövsüm “Kalyari”də 12 oyuna çıxmışdı.

20 yaşlı Fabrisio Kaliqara da “Askoli”yə icarəyə verilib. İtaliyalı yarımmüdafiəçi mövsümün sonunadək bu klubda oynayacaq. “Yuventus”un yetirməsi olan bu futbolçu 2018-ci ildən “Kalyari”də çıxış edir.

“Kalyari” 2016-cı ildə transfer etdiyi xorvatiyalı yarımmüdafiəçisi Marko Payaçla da vidalaşıb. Lakin 27 yaşlı futbolçu “Breşiya”ya birdəfəlik transfer olunub. “Kalyari”də möhkəmlənə bilməyən yarımmüdafiəçu bu illər ərzində “Benevento”, “Peruca”, “Empoli” və “Cenoa”ya icarəyə də verilmişdi.

“Kalyari” mövsümün əvvəlində “Napoli”dən icarəyə götürdüyü yarımmüdafiəçi Adam Unasla da vidalaşıb. 24 yaşlı futbolçu bu komandada əsas heyətə düşməkdə çətinlik çəkdiyindən “Napoli”yə qayıtmalı olub. Lakin Neapol təmsilçisi onu İtaliyanın digər klubu “Krotone”yə icarəyə göndərməyə qərar verib.