“Yuventus”un texniki direktoru Kristiano Cuntoli 31 yaşlı fransalı yarımmüdafiəçi Pol Poqbanın “byankoneri”dən ayrılacağını təsdiqləyib.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Poqba əla oyunçu idi, amma indi bizim başqa planlarımız var. Biz müxtəlif oyunçulara sərmayə qoymuşuq və indi komandamız tam hazırdır”, deyə Cuntoli bildirib.
Poqba “Yuventus”u azad agent qismində tərk edəcək.
Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vermişdi. Artıq məlum olduğu kimi, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 aya endirilib.
Poqba 2025-ci ilin yanvarından etibarən “Yuventus”la ümumi məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər isə Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.
Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Poqba “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.


