“Yuventus” səfərdə, “Sevilya” evdə uduzdu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşmaya eyni saatda start verilib.

İtaliyanın “Yuventus” klubu Portuqaliyada “Portu” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matçda meydan sahibləri qələbəni bayram ediblər.

Gecənin digər görüşü İspaniyada baş tutub. Burada Almaniyanın “Borussiya” (Dortmund) komandası Avropa Liqasının son qalibi “Sevilya”nın (İspaniya) qonağı olub. Kifayət qədər məhsuldar alınan qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə PSJ (Fransa) səfərdə “Barselona”nı (İspaniya) 4:1, “Liverpul” (İngiltərə) isə “Leypsiq”i (Almaniya) 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
17 fevral

“Portu” – “Yuventus” 2:1
Qol: Taremi, 2. Mareqa, 46 – Kyeza, 83.

“Sevilya” – “Borussiya” (Dortmund) 2:3
Qol: Suso, 7. De Yonq, 84 – Dahud, 19. Haland, 27; 43.