“Yuventus” Ronaldoya olan borcu ilə bağlı məhkəməyə çıxacaq

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldonun “Yuventus” klubuna qarşı futbolçunun maaşı ilə bağlı iddiasına gələn həftə baxılacaq.

Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “qoca sinyora”nın superulduz futbolçuya olan borcu ilə bağlı iş üzrə dinləmələr çərşənbə günü, oktyabrın 4-nə təyin edilib.

Daha əvvəl məlum olmuşdu ki, Kristiano Ronaldo karantin zamanı qarşılıqlı razılaşma ilə dondurulmuş borcunu keçmiş klubundan almaq niyyətindədir. Məbləğ 19,9 milyon avro təşkil edir. Ronaldo artıq bu xüsusda Turin prokurorluğu ilə əlaqə saxlayıb və gərəkli hüququ tədbirləri görüb.

“Yuventus”, COVID-19 pandemiyası zamanı maaşların ödənilməsi ilə bağlı iki tədbir həyata keçirib – 2020-ci və 2021-ci illərdə: birincisi, əməkdaşlıq tədbiri çərçivəsində olub və bütün komanda və məşqçilər ilə bağlı idi, ikincisi isə hər bir oyunçu ilə fərdi olaraq müzakirə edilib.

Xatırladaq ki, Kriştiano Ronaldonun İtaliya klubunda mövsümi maaşı vergilərdən sonra 31 milyon avro təşkil edib.

Ronaldo “Yuventus”da çıxış etdiyi müddətdə “byankoneri”nin heyətində 134 oyun keçirib, 101 qol vurub, 22 məhsuldar ötürmə verib. Portuqal superulduz Turin nəhəngi ilə İtaliya A Seriyasının (2018/2019, 2019/2020), İtaliya Kubokunun (2020/2021) və İtaliya Super Kubokunun (2018, 2020) qalibi olub.