İtaliyanın ən titullu futbol klublarından olan “Yuventus” yenə tarixinin ən pis günlərini yaşamaqdadır. Arena.az xəbər verir ki, İtaliya Futbol Federasiyası və A Seriyası rəhbərliyi Turin klubunu ağır cəzalandırıb.
Belə ki, komandanın hesabından bu mövsüm A Seriyasında topladığı xalların 15-i silinib. Bu barədə sözügedən qurumlar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Cəzaya Turin klubunun fəaliyyətində yol verdiyi maliyyə pozuntuları səbəb göstərilib. Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib. Bu günə qədər 37 xalla 3-cü sırada qərarlaşan komanda hazırda 22 xalla 10-cudur.
Eyni zamanda klub rəhbərliyində yer almış bu şəxslər də uzun müddətli diskvalifikasiyaya məruz qalıblar:
Fabio Paratiçi – 2.5 illik
Andre Anyelli – 2 illik
Mauritsio Arrivabene – 2 illik
Federiko Kerubini – 1.4 illik
Pavel Nedved – 8 aylıq
Xatırladaq ki, daha öncə İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə “Yuventus”un ölkə çempionatında 9 xalının silinməsini tələb etmişdi. Lakin görünür məsələ araşdırıldıqdan sonra kluba daha ağır cəza verilməsinə ehtiyac duyulub. Turin təmsilçisinin qərardan appelyasiya şikayəti verib-verməyəcəyi bilinmir.
“Yuventus”da prezident Andre Anyelli, vitse-prezident Pavel Nedved, klubun İcraiyyə Komitəsinin rəhbəri Mauritsio Arrivabene və bütün idarə heyəti 2022-ci il noyabrın 28-də istefa vermişdi. Nəticədə “Exor Holding” klubun prezidenti postuna mühasib olan Canluka Ferreronu təyin etmişdi.
Baş verənlərlə əlaqədar UEFA da klub haqqında araşdırmalara başladığını açıqlayıb.