“Yuventus” təqsirini etiraf etdi – Bu qədər cərimə ödəyəcək

Uzun müddətdir maliyyə fırıldağı və saxtakarlıqda adı hallanaraq haqqında təhqiqatlar aparılan “Yuventus” haqqında yekun hökm verilib.

Arena.az xəbər verir ki, Turin klubunun rəhbərliyi nəhayət ki, İtaliya futbol rəsmiləri ilə sülh razılığı əldə ediblər.

Turinlilər rəsmi qurumlarla razılığa ittiham olunduğu maddələr üzrə təqsirini etiraf etməklə gəliblər. Oxunmuş hökmə görə “Qoca sinyora” oyunçuların məvacibinin ödənilməsində yol verdiyi saxtakarlıq işi üzrə ittihamda təqsirli bilinərək, təqsiri boynuna alması müqabilində 718 min avro məbləğində cərimə ödəyəcək.
“Yuventus” klubun keçmiş transfer sövdələşmələrinə dair aparılmış ayrıca təhqiqatlar əsasında, ötən həftə barəsində A Seriyasında topladığı xal hesabından 10 xal silinməsi cəzasını almışdı.

Klubun öz təqsirini etiraf etməklə tərəflər arasında razılığa gəlməsi o deməkdir ki, “Yuventus” 10 xalının silinməsi ilə razılaşır və daha komandanını hesabından xallar silinməyəcək. Əvəzində klub cərimələrini ödəyəcəyi haqda öhdəlik götürüb.

Bu, uzun müddət haqqında söhbət gedən, “Yuventus”un ittiham edildiyi bütün cari işlərə xitam verəcək. “Qoca sinyora” həmçinin apellyasiya vermək fikrində deyil. Əks halda bu, qaşınmayan yerdən qan çıxarmağa bərabər ola bilər.

Kluba verilmiş ümumi cəza ilə yanaşı, İtaliya Futbol Federasiyası (FIGC) bir neçə vəzifəli şəxsi də cərimələyib. Onların arasında klubun sabiq sədr müavini Pavel Nedved, həmçinin keçmiş idman və icraçı direktoru Fabio Paratiçi var.

Anyellinin məsələsi açıq qalır

Klubun sabiq prezidenti Andrea Anyelli ilə bağlı iş isə hələ açıq qalır. Cari ilin anvar ayında Anyelli barəsində vəzifəsindən iki illik uzaqlaşdırılması və may ayında bir daha dəstəklənmiş bu məhkəmə qərarına isə iyun ayının 15-də ayrıca məhkəmə iclasında bir daha dinlənilərək işə yenidən baxış keçirilməsi nəzərdə tutulub. Bu xüsusda müvafiq hökmün nə zaman veriləcəyi hələ açıqlanmır.

“Yuventus”un bəyanatında deyilir ki, İtaliya futbol rəsmiləri ilə əldə edilmiş razılıq kluba “müəyyən nəticə əldə etməyə”, “gərginlik və qeyri-sabitlik vəziyyətini” dəf etməyə imkan verəcək.

Klub həmçinin bildirib ki, müvafiq razılaşma baş məşqçi Massimiliano Alleqriyə və futbolçulara növbəti mövsümə planlarını qurmaqda toparlanmağa şərait yaradacaq.

Xatırladaq ki, cari ilin yanvar ayında “Yuventus” transfer sövdələşmələrində yol verdiyi saxtakarlığa görə 15 xallıq cərimə ilə üzləşmişdi. Ancaq İtaliya Ali İdman məhkəməsi aprel ayında bu hökmü ləğv edərək işə yenidən baxış keçirilməsinə dair əmr vermişdi.

Nəticədə 10 xallıq cərimə ilə üzləşən Turin klubu A Seriyasının turnir cədvəlində 7-cı sıraya yuvarlanıb. Bu isə avrokubokların təsnifat oyunlarının hüdudlarından kənar yerdir.

Buna baxmayraq, cari mövsümdə A Seriyasının sonuna bir tur qalmış “Qoca sinyora” 6-cı sıra qərarlaşmış “Roma”dan yalnız 1 xal, 5-ci sıradakı “Atalanta”dan isə cəmi 2 xal geridədir. Bəxti gətirəcəyi halda Turin nəhəngi Avropa Liqasında və ya Konfrans Liqasında iştirak imkanını saxlayır.