“Yuventus”da ciddi itki – Pol Poqba yenidən sıradan çıxdı

Futbol üzrə Fransa milli komandasının və İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba yenidən zədələnib. Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu komandasının məşqi zamanı əzələsində ağrılar hiss etdiyi üçün həkim müayinəsindən keçib. Müayinə nəticəsində onun sağ bud əzələsində gərilmə və kiçik yırtıq aşkarlanıb. Bu üzdən də fransalı yarımmüdafiəçinin təxminən bir aya yaxın yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Poqba bu mövsümün əvvəlində yenidən qayıtdığı “Yuventus”da zədə səbəbindən demək olar ki, forma şansı qazanmır. O, cari mövsümdə 2 oyuna çıxıb və cəmi 35 dəqiqə meydanda olub. Ulduz futbolçu ötən həftə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə oyundan öncə də intizamsızlığı ilə gündəmə gəlmişdi. Bu üzdən də baş məşqçi Massimiliano Alleqri onu cəzalandırmışdı. Belə ki, Poqba həmin qarşılaşmadan əvvəlki məşqə gecikdiyi üçün Avroliqa matçının iştirak ərizəsinə daxil edilməmişdi.

Xatırladaq ki, Pol Poqba İngiltərənin “Mançester Yunayted” klubunun yetirməsidir. O, peşəkar karyerasına da “qırmızı şeytanlar”ın heyətində başlayıb. Lakin karyerasının əvvəlində bu komandada kifayət qədər oyun şansı qazana bilməyən yarımmüdafiəçi 2012-ci ildə “Yuventus”a transfer olunub. Dörd il Turin təmsilçisində çıxış edən futbolçu 2016-cı ildə yenidən “Mançester Yunayted”ə qayıtmışdı.

Poqba “Mançester Yunayted”dəki karyerası ərzində bütövlükdə 233 matça çıxıb, 39 qola imza atıb. Fransa yığmasının üzvü ölkəsinin millisində də 91 oyuna 11 qol vurub. O, vaxtilə “Yuventus”da çıxış etdiyi dönəmdə isə 178 oyunda 34 qola imza atıb. Futbolçunun Turin təmsilçisi ilə sözləşməsi 2026-cı ilin 30 iyununa kimidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: