Zədəli Cud Bellingem tezliklə meydana qayıdacağını bildirdi

La Liqanın 24-cü turunda “Jirona” ilə oyunda (4:0) zədələnmiş Cud Bellingem tezliklə yaşıl meydana qayıdacağını bildirib.

Arena.az məlumat verir ki, sol ayaq biləyi bağlarının burxulması ilə üzləşmiş Cud özünün “X” sosial şəbəkə hesabı üzərindən dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib və tezliklə sıraya dönəcəyini yazıb:

“Qısa müddətdə qayıdacağam, ismarışlarınız nikbin qalmağıma kömək etdi. Təşəkkür edirəm, madridistlər!”, – Cud dərc edib.

Müvafiq zədəyə görə Bellingemin iki-üç həftə futbolsuz qalacağı bildirilir. İngilis futbolçunun zədə dərəcəsi yüksək şiddətdə qiymətləndirilir.

Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.

Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cari mövsümdə Bellingem “Real”ın heəytində bütün yarışlarda 29 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.

Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 27 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: