Futbol üzrə Mərakeş milli komandasının və Fransanın “Tuluza” komandasının hücumçusu Zəkəriyyə Abuxlal uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, o, aldığı ağır zədəyə görə bu mövsümün qalan hissəsində heç bir oyunda iştirak edə bilməyəcək.
Bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Mərakeşli futbolçunun Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda, “Yunion”la (Belçika) qarşılaşmada (1:1) dizindən zədə aldığı üçün əməliyyat olunduğu açıqlanıb. Buna görə o, 2023-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunu da buraxmalı olacaq.
Xatırladaq ki, 23 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 6 oyuna çıxıb və 3 qol vurub. O, “Tuluza”ya ötən ilin yayında Niderlandın “Alkmar” klubundan 2 milyon avro qarşılığında keçmişdi. Abuxlal “Tuluza”da bütövlükdə 48 oyun keçirib, 18 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə PSV-nin də formasını geyinib.
Zəkəriyyə Abuxlal Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2020-ci ilin noyabr ayından isə o, Mərakeşin əsas yığmasında forma geyinir. Hücumçu milli komandada 20 oyuna 3 qol vurub.