Zərifə Hüseynova Plovdivdə tarixi nəticəyə imza atdı

Azərbaycanın yeniyetmə qılıncoynadanı Zərifə Hüseynova Bolqarıstanda təşkil olunmuş dünya çempionatında gümüş medal qazanıb. Arena.az xəbər verir ki, qılıncoynatmanın sablya növündə yarışan yeniyetmə idmançımız üçün Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya birinciliyi uğurlu alınıb.

Dünya çempionatının ikinci yarış günündə yeniyetmə oğlan və qız sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü 4-lüyə yüksəlib. İdmançımız yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

Zərifə bu uğuru sayəsində Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.

Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Azərbaycan yığması aprelin 9-na qədər davam edəcək dünya birinciliyinə 4 qılıncoynadanla yollanıb. Oğlan sablyaçıların şəxsi mübarizəsində də Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvələrini sınayacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: