Zamiq Əliyev Albaniya klubunda – Rəsmi

“Araz-Naxçıvan”ın mərkəz müdafiəçisi Zamiq Əliyev bundan sonra Albaniyanın “Eqnatiya” klubunda forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

“Araz-Naxçıvan”la müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunadək olan Əliyev Albaniya klubuna azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, “Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Zamiq Əliyev bu ilin yanvar ayından “Araz-Naxçıvan”a keçmişdi. 23 yaşlı futbolçu Naxçıvan təmsilçisinin heyətində 21 oyuna çıxsa da, fərqlənə bilməyib. Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.