Azərbaycanın U-21 millisinin sabiq mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 5-ci turu çərçivəsində “Bilis”lə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb.
Əliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Eqnatiya” 5 turdan sonra 10 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Eyni xala malik “Vlajniya” isə birincidir.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 8 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.


