Futbol üzrə Azərbaycanın millisinin mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 14-cü turu çərçivəsində bu gün “Bilis”lə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Əliyev bu oyunun 83-cü dəqiqəsində, hesab 1:0 olarkən meydana buraxılıb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 16 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.
“Eqnatiya” 14 turdan sonra 23 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 27 xala malik olan “Partizani” rəhbərlik edir. “Vlajniya” isə 25 xalla ikincidir.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.