Zamiq Əliyev “Laçi”yə qarşı bir hissə oynadı, “Eqnatiya”…

Futbol üzrə Azərbaycanın millisinin mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 11-ci turu çərçivəsində bu gün “Laçi” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Əliyev bu oyuna start heyətdə başlayıb və fasilədə – hesab 0:1 olarkən əvəzlənib.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 14 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

“Eqnatiya” 11 turdan sonra 16 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 20 xala malik olan “Partizani” rəhbərlik edir. “Vlajniya” isə 18 xalla ikincidir.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Xəbəri istədiklərinizlə paylaşın