Zamiq Əliyev “Partizani”yə qarşı 90 dəqiqə oynadı, “sarı” aldı

Azərbaycanın U-21 millisinin sabiq mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 7-ci turu çərçivəsində “Partizani” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Əliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 56-cı dəqiqədə sarı vərəqə də alıb.

“Eqnatiya” 7 turdan sonra 11 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 13 xalı olan “Vlajniya” rəhbərlik edir. “Partizani” də 12 xalla 2-ci pilləyə yüksəlib.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 10 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.