Zamiq Əliyev “Qarabağ”dan ayrıldı, “Kəpəz”lə müqavilə bağladı

Yeni mövsümə hazırlığı və transfer çalışmalarını davam etdirən “Kəpəz” Zamiq Əliyev ilə yeni müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm “Qarabağ”dan icarəyə götürülən gənc futbolçu Ağdam klubu ilə yollarını ayırıb. Bu üzdən də o, “Kəpəz”in tam hüquqlu üzvünə çevrilib. Əliyev ilə formasında daşıdığı nömrəyə uyğun olaraq 1+1 olmaqla 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Zamiq Əliyev ötən mövsüm “Kəpəz”də 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 22 yaşlı futbolçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

“Kəpəz” daha öncə Vurğun Hüseynov və Rüfət Əhmədovu da heyətinə qatmışdı. Gəncə klubunda Elçin Əlicanov və Yeqor Xvalko ilə də yeni müqavilə imzalanıb. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya da komandanı tərk ediblər.