Futbol üzrə Azərbaycanın millisinin mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 17-ci turu çərçivəsində bu gün “Skenderbeu” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Əliyev bu oyuna start heyətdə başlayıb. O, sonadək meydanda olub.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 18 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi bu ay əsas millimizdə də debüt edib.
“Eqnatiya” 17 turdan sonra 30 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında birinci pillədə qərarlaşıb.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.


