Futbol üzrə Türkiyə milli komandasının sağ cinah müdafiəçisi Zeki Çelik “Roma”dan ayrılaraq İtaliyanın digər klubu “Yuventus”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
29 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Zeki Çelik 2022-ci ilin yayından “Roma”da çıxış edirdi. Türkiyəli müdafiəçi bu yay müqaviləsinin müddətinin başa çatması səbəbindən paytaxt təmsilçisindən ayrılıb.
O, ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Zekinin “Roma” karyerası bütövlükdə 151 oyun, 2 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Zeki “Bursaspor”un yetirməsidir. O, 2015/16 mövsümündə “Karacabəyspor”da icarədə oynayıb. 2016-cı ildə Bursa klubundan ayrılan futbolçu 2 il “İstanbulspor”da oynayıb. 2018-ci ildə futbolçu Fransanın “Lill” klubuna keçib. O, “Roma”ya da məhz Liqa 1 təmsilçisindən keçmişdi.
Türkiyə milli komandasında 63 matça çıxmış Zeki Çelik, bu oyunlarda 3 və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


