Fransada təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün qızıl medal qazanan Zelim Kotsoyev mükafatlandırılıb.
Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çempion olan Azərbaycan cüdoçusuna qızıl medal təqdim olunub.
Mükafatlandırma mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yeri gəlmişkən, Zelimlə bağlı maraqlı hadisə yaşanıb. Belə ki, Kotsoyev fəxri kürsüdə məğlub etdiyi rəqiblərlə birlikdə yer alıb.
Təmsilçimiz bürünc mükafatçılar Peter Palçiki (İsrail) 1/4 finalda, Muzaffarbek Turoboyevi (Özbəkistan) yarımfinalda mübarizədən kənarlaşdırmışdı. Onlar medal qazanmaq şansını qaçırmayıblar və olimpiadanı 3-cü pillədə başa vurublər. Zelim həlledici görüşdə də gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək, Olimpiya çempionu olub.
Yeri gəlmişkən, Zelim Kotsoyev çempionluqla bağlı təəssüratlarını bölüşüb. O, azərbaycanlı jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Hələ bilmirəm, belə demək olar ki, hələ bir az eyforiyadayam. Danışa da bilmirəm. Çox şadam ki, mənim, məşqçilərimin, federasiyanın, məni dəstəkləyənlərin hamısının, ailəmin əziyyəti bəhrəsini verdi. İki ay əvvəl dünya çempionu oldum, indi Olimpiadada qızıl medal qazandım. Uşaqlıqdan buna doğru gedirdim. Atam ən kiçik yaşlarımdan məni məşqlərə aparırdı, gətirirdi. Bir məşqimi də buraxdığını xatırlamıram. Rejimimi gözləyirdi, çox kömək edirdi. İlk növbədə onu, sonra da məni dəstəkləyənləri sevindirmək istəyirdim”.
Kotsoyev həlledici gündəki motivasiyasına da toxunub: “Bu gün səhər yuxudan oyananda özümü çox yaxşı hiss edirdim. İsinmə hərəkətləri etdikdən sonra görüşdən görüşə köklənirdim. Bugünkü köklənmə həyəcanımı üstələyirdi. Qalib gəlmək istəyim həyəcanımdan güclü idi. Söhbətlərə qulaq asmır, musiqi dinləyir, hər bir görüşə sonuncu kimi köklənirdim”.
Zelim bildirib ki, Hidayət Heydərovun üç gün əvvəl qızıl medal qazanması da əlavə motivasiya olub: “Əlbəttə ki, Hidayətin qələbəsi də təsir etdi. Mənim qardaşım motivatordur. O, bu gün bütün günü məni dəstəkləyib, məşq mərkəzində yanımda olub”.