“Zenit” türk futbolçu ilə müqavilə bağladı

Türkiyənin “Altınordu” klubunun 19 yaşlı yarımmüdafiəçisi Emircan Gürlük Sankt-Peterburq “Zenit”i ilə razılığa gəlib.

Arena.az “Hürriyet” dərgisinə istinadən xəbər verir ki, Gürlük Rusiya klubu ilə müqaviləsini rəsmiləşdirib.

Hücumçu yayda komandanın düşərgəsinə gələcək və yeni mövsümdən Rusiya təmsilçisinin heyətində çıxış edəcək. Əvvəllər mətbuatda Gürlüyün Türkiyə Super Liqasında çıxış edən bir sıra klubların hədəfində olduğu haqda məlumat yayılmışdı.

Qeyd edək ki, “Transfermarkt” internet-portalı hücumçunun bazar qiymətini 350 min avro məbləğində dəyərləndirir.

“Zenit”ə gəlincə, komanda Rusiya Premyer Liqasında çempionluğunu sona dörd tur qalmış inamlı şəkildə təmin edib.

Xatırladaq ki, Emircan Gürlük Türkiyənin “Qalatasaray” klubunun yetirməsidir. O, “Altınordu”ya keçənə qədər “Selimiye” komandasında da oynayıb. Yarımmüdafiənin həm mərkəzində, həm də cinahlarında oynamağı bacaran futbolçu “Altınordu”nun əsas komandasına 61 oyuna çıxıb. O, bu matçlarda 7 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.