Zeynəb Rəhimova lisenziya turnirində 1/4 finala yüksəldi

Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Tailandda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Arena.az xəbər verir ki, Tailandın paytaxtı Banqkokda təşkil olunmuş boks üzrə lisenziya xarakterli turnir davam edir.

Yarışın doqquzuncu günündə Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

Zeynəb Rəhimova (54 kq) 1/8 finalda Ornella Havyarimana (Burundi) ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Rəhimova növbəti görüşündə Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.

Xatırladaq ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.

Azərbaycan millisi indiyə qədər olimpiadaya 4 lisenziya qazanıb. Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq), Məhəmməd Abdullayev (+92 kq) və Malik Həsənov (63,5 kq) Paris-2024-də medallar uğrunda mübarizə aparacaqlar.