“Real”ın fransalı sabiq baş məşqçisi Zinəddin Zidan futbolçu ikən oynadığı ən yaxşı stadionla bağlı sualı cavablayıb.
Arena.az Zidanın bu barədə cavabını təqdim edir:
“Ən yaxşı stadionmu? “Santyaqo Bernabeu”! Bu, ən yüksək, ən yüksək, ən yüksək səviyyədir… Mənim üçün “Santyaqo Bernabeu” – “bir nömrə”dir. İnsanlar, stadion, hər şey, klubun tarixi – ən yaxşısıdır”, deyə “Zizu” vurğulayıb.
Zidan futbolçu ikən vurduğu ən gözəl qolla bağlı suala da cavab verib:
“Fikrimcə, ən vacib və gözəl qolum “Bayer”lə oyunda vurulub. UEFA Çempionlar Liqasını qazanmaq üçün bu qol bizə gərək idi”, deyə “Zizu” bildirib.
Xatırladaq ki, fransalı mütəxssis 2021-ci ilin yayında “Real”ı tərk edəndən bəri, işsizdir.
Daha əvvəl Zidanın Fransa yığmasında çalışmaqda maraqlı olduğu bildirilirdi.
“Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.
Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.