Zinədin Zidan PSJ-yə yenə “yox!” dedi

Madrid “Real”ının sabiq baş məşqçisi məşhur Zinədin Zidan Fransa çempionu PSJ-dən gələn baş məşqçilik təklifinə yox deyib.

Arena.az bu barədə “Le Parisien”ə istinadən bildirir.

Mənbənin məlumatına görə, PSJ gələn mövsüm komandaya rəhbərlik etmək təklifi ilə Zidana müraciət ünvanlasa da, təcrübəli mütəxəssis parislilərin yüksək məvacibli təklifinə rəğmən, yox, deyə imtina edib.

Xatırladaq ki, Zinədin Zidan artıq iki ildir, işsizdir.

Hazırda PSJ həmçinin Luis Enrike və Xabi Alonsoya da namizəd olaraq baxır. Bununla yanaşı, “Bayern”in sabiq baş məşqçisi Yulian Nagelsmann hələ də parislilərin baş məşqçi vəzifəsinə əsas seçim kimi göstərilir. PSJ-nin futbol məsələləri üzrə müşaviri Luis Kamposun yaxınlarda alman məşqçinin nümayəndələri ilə görüşdüyü və tərəflərin müqavilənin əsas şərtlərini müzakirə etdiyi deyilir.

Xatırladaq ki, PSJ Kristof Qaltyeni təyinatından heç bir il ötməmiş mütəxəssisi baş məşqçi vəzifəsindən uzaqlaşdırıb. Klub bu qərarı tezliklə rəsmi olaraq bəyan edəcək. Paris təmsilçisi ötən yay Maurisio Poçettinonu da komandaya Fransa çempionluğunu qazandırmasına baxmayaraq, istefaya göndərmişdi.