“Zirə” 6 futbolçusu ilə yollarını ayırdı – Rəsmi

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündə hədəfinə çata bilməyən “Zirə” 6 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamaq istəmədikləri üçün yollarını ayırıblar. Qəsəbə təmsilçisi bu futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Hamidu Keytanın daha öncədən “Qarabağ”a keçəcəyi açıqlanmışdı. O, tezliklə Ağdam klubu ilə rəsmi müqavilə bağlayacaq.

Loris Broqno isə Azərbaycan klubundan ayrıldığını sosial şəbəkə hesabında açıqlamışdı.

Digər ayrılanlara gəlincə, Mehdi Cənnətovun sabiq klubu “Sumqayıt”a qayıdacağı gözlənilir. Coşqun Diniyev isə atası Şahin Diniyevin çalışdırdığı “Səbail”də oynamağa qərar verib.

Ayrılanların “Zirə”dəki karyerası

Hamidu Keyta: 2022-ci ilin yanvarından bəri bu komandada 54 oyuna çıxıb. Fransadan olan 28 yaşlı sol cinah vingeri bu görüşlərdə 15 qol vurub, 12 məhsuldar ötürmə edib.

Loris Broqno: 2021-ci ilin avqustundan oynadığı bu komandada 58 matça çıxıb. Belçikadan olan sağ cinah vingeri bu görüşlərdə 9 qol vurub, 17 assist müəllifi olub.

Mois Adileu: 2022-ci ilin avqustundan oynadığı bu komandada 28 matça çıxıb. Həm Fransa, həm də Benin vətəndaşlığına malik 28 yaşlı mərkəz müdafiəçisi qəsəbə təmsilçisində 1 qol da vurub.

Mehdi Cənnətov: 2021-ci ilin iyulunda məhz “Sumqayıt”dan ayrılaraq Zirəyə köçən 31 yaşlı qapıçı burada 53 matça çıxıb. Əslən Dağıstandan olan milliləşdirilmiş qolkiper 53 qol buraxıb. O, 22 matçda da qapısını toxunulmaz saxlamağa nail olub.

Coşqun Diniyev: 2021-ci ilin avqustunda “Sabah”dan ayrılaraq Zirəyə üz tutmuşdu. 27 yaşlı yarımmüdafiəçi qəsəbə təmsilçisində 65 matç keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirsayib Abbasov: 2022-ci ilin iyulunda “Səbail”dən gələn 30 yaşlı sol cinah yarımmüdafiəçisi 39 matça çıxıb. O, bu görüşlərdə 3 qol vurub, 4 məhsuldar ötürmə edib.