“Zirə” Azərbaycanı Rusiya və Slovakiyadan önə keçirdi

“Zirə” ötən gecə avrokubok matçındakı uğurlu nəticəsi sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Slovakiyanın “Dunayska Streda” komandasına qarşı cavab oyunundan 2:1 hesablı səfər qələbəsi ilə ayrılıb.

Nəticədə “Zirə” Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu qələbə sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib.

Eyni gündə meydana çıxmış digər təmsilçimiz “Sabah” isə İsrailin “Makkabi” (Hayfa) komandasına uduzduğu üçün reytinqə xal yazdıra bilməyib. Buna baxmayaraq, “bayquşlar” penaltilər seriyasında bu rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 1.625 xaldır. Bunun böyük hissəsini (0,750) məhz Zirənin eyniadlı təmsilçisi qazanıb. Avrokuboklardakı digər təmsilçilərimizdən “Qarabağ” ölkə reytinqinə 0,500 xal qazanıb. “Sabah” reytinqə 0,250 ballıq töhfə verib. Artıq mübarizəni dayandırmış “Sumqayıt”ın qazancı isə cəmi 0,125 xal olub.

Son 5 mövsümdəki ümumi əmsalı 18.375-ə çatan Azərbaycan reytinq cədvəlində Rusiya və Slovakiyanı geridə qoyaraq 23-cü sıraya yüksəlib. 22-ci pillədə 19,500 xalı olan Macarıstan qərarlaşıb.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,736) isə beşinci sıradadır. Türkiyə 34,400 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.