“Zirə” “Fənərbaxça”nı Bakıya dəvət etdi – Yoxlama oyunu üçün

“Zirə”nin prezidenti Taleh Nəsibov İstanbulda Türkiyənin “Fənərbaxça” klubunun baş katibi Burak Kızılhan ilə görüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının da prezidenti olan Taleh Nəsibov “Fənərbaxça”nın ofisində qarşılanıb.

Görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvüləri də iştirak edib. Tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbaxça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Sonda görüş iştirakçıları bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Xatırladaq ki, bu il “Qarabağ” Bakıda “Qalatasaray”la, “Sabah” isə “Beşiktaş”la yoxlama oyunu keçirib. Bu oyunların hər ikisi xeyriyyə məqsədi ilə təşkil olunub və gəlirləri Türkiyədəki dəhşətli zəlzələdən əziyyət çəkənlərə göndərilib. “Qarabağ” “Qalatasaray”a 1:2 hesabıyla uduzmuşdusa, “Sabah”ın “Beşiktaş”la matçında qalib müəyyənləşməmişdi – 3:3.