“Zirə” və “Sabah” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınaqlarına çıxacaqlar.
Arena.az xəbər verir ki, Azərbaycan komandaları bu turnirin 3-cü təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
“Qartallar” Xorvatiyada yerli “Osiyek”lə qarşılaşacaq. Bu matçı yunanıstanlı Aristotelis Diamantopulos idarə edəcək.
“Bayquşlar” isə İrlandiyada “Sent-Patriks Atletik”in qonağı olacaq. Bu qarşılaşmanı islandiyalı Vilhyalmur Torarinsson idarə edəcək.
Hər iki komandamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Pley-off mərhələsinə vəsiqə şansını saxlamaq və buna doğma meydandan nail olmaq üçün başqa yol yoxdur.
Qeyd edək ki, bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək. Həmin gün Azərbaycan təmsilçiləri bu rəqibləri ilə Bakıda üz-üzə gələcəklər.
Xatırladaq ki, “Zirə” bu mövsüm avrokubok mübarizəsinə Avropa Liqasından başlayıb. Bu turnirin 1-ci təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşmış Rəşad Sadıqovun komandası səfərdə 1:0 hesablı qələbə qazansa da, evdə 1:2, penaltilərdə də 4:5 hesabıyla uduzaraq Avroliqa ilə vidalaşıb. Mübarizəni Konfrans Liqasında davam etdirən təmsilçimiz bu turnirin 2-ci raundunda Slovakiyanın “Dunayska Streda” komandasını üstələyib – evdə 4:0, səfərdə 2:1.
“Sabah” isə mübarizəyə elə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb. Səfərdə İsrailin “Makkabi” (Hayfa) komandasına 3:0 hesabıyla qalib gəlmiş Krunoslav Renduliçin kollektivi evdə 3:6 hesablı məğlubiyyətə üzülüb. Amma penalti seriyasında 3:2 hesablı qələbə “bayquşlar”ı bu mərhələyə çıxarıb.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust
22:00. “Osiyek” (Xorvatiya) – “Zirə”
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillou, Konstantinos Perrakis (hamısı Yunanıstan).
VAR hakimləri: Stefanos Koymparakis, Spiridon Zampalas
(hər ikisi Yunanıstan).
Osiyek. “Opus Arena”.
22:45. “Sent-Patriks Atletik” (İrlandiya) – “Sabah”
Hakimlər: Vilyalmur Torarinsson, Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson, Helgi Mikel Yonasson (hamısı İslandiya).
VAR hakimləri: Darren Enqland, Neil Devis (hər ikisi İngiltərə).
Dublin. “Tallayt” stadionu.