Futbol üzrə Azərbaycan Premyer Liqasında uğurlu mövsüm keçirən “Zirə” komandası ölkə çempionatlarında 350-ci qolunu vurub.
Arena.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 31-ci turuna təsadüf edib.
Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlmiş Bakı klubunun ilk qolu Premyer Liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.
Ümumilikdə 352 qola sevinən bu komanda evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.
Xatırladaq ki, “Zirə”nin Premyer Liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.