“Zirə” üçün yeni vitse-prezident

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubunda yeni vitse-prezident təyinatı gerçəkləşib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Seyidağa Babayev “Zirə”nin yeni vitse-prezidenti təyin olunub. O, daha əvvəl bu klubda icraçı direktor və uşaq futbol akademiyasının koordinatoru vəzifəsində də çalışıb.

Xatırladaq ki, Seyidağa Babayev futbol ictimaiyyətinə yad sima deyil. Vaxtilə Azərbaycanın U-15 və U-17 yığmalarının şərəfini qorumuş Babayev daha sonra “Turan-Air” futzal klubunun və futzal yığmamızın formasını geyinib. Babayev sonralar böyük futbola dönərək İranın 1-ci dəstəsində top qovub. Vətənə döndükdən sonra isə MOİK-in heyətində çıxış edib. Babayev bir müddət “Şüvəlan” futbol klubunda da icraçı direktor kimi çalışıb.