“Zirə” UEFA reytinqində xal qazandırıb, vidalaşdı

“Zirə” Avropa Konfrans Liqası matçındakı uğuru sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, bu həftə UEFA Çempionlar Liqasında, Avropa Liqasında və Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Çempionlar Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda Xorvatiya çempionu “Dinamo”ya (Zaqreb) uduzub – 0:2.

Konfrans Liqasında mübarizə aparan “Zirə” isə Kiprin “Omoniya” komandası ilə cavab görüşündə 1:0 hesablı qələbəyə nail olub. İlk oyunda 0:6 hesabıyla uduzduğu üçün mübarizəni dayandırmasına baxmayaraq, Rəşad Sadıqovun komandası evdəki qələbə sayəsində ölkə reytinqinə 0,250 xal əlavə edib.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 2,375 xaldır. Cari mövsümdə ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib. Təəssüf ki, bundan sonra yalnız Ağdam klubunun belə bir imkanı olacaq. Çünki digər klublarımız mübarizəni dayandırıblar.

Son 5 mövsümdəki ümumi əmsalı 19.125-ə çatan Azərbaycan reytinqdə 26-cı sırada qərarlaşıb. 25-ci sırada 19.725 xala malik Kipr varsa, Azərbaycanı 18,875 xalı olan Bolqarıstan izləyir.

Reytinq cədvəlinə yenə İngiltərə (89,303) başçılıq edir. İtaliya (79,231) ikinci, İspaniya (74.275) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,910) dördüncü, Fransa (59,093) isə beşinci sıradadır. Türkiyə 36,100 balla 10-cu sıraya düşüb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.