“Zirə” və “Sabah” Konfrans Liqasında pley-offa çıxa biləcək?

“Zirə” və “Sabah” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınaqlarına çıxacaqlar.

Arena.az xəbər verir ki, Azərbaycan komandaları bu turnirin 3-cü təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

“Qartallar” pley-offa vəsiqə uğrunda Xorvatiyanın “Osiyek” komandası ilə mübarizə aparırlar. Bu komandaların Xorvatiyada baş tutan ilk oyununda qalib müəyyənləşməyib – 1:1. Səfərdən sərfəli nəticə ilə qayıtmış Rəşad Sadıqovun komandası indi Bakıda qalib gəlməlkə tarixi uğura imza ata, tarixində ilk dəfə avrokubokların pley-off mərhələsinə vəsiqə qazana bilər. Bu matçı Avstriyadan olan hakimlər idarə edəcəklər.

“Bayquşlar” isə İrlandiyanın “Sent-Patriks Atletik” komandası ilə üz-üzədirlər. Azərbaycan təmsilçisi səfərdəki oyunda minimal hesabla məğlub olub – 0:1. Bu üzdən də Krunoslav Renduliçin yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq inamlı qələbəyə imza atmalıdır. Bu qarşılaşmanı rumıniyalı hakimlər idarə edəcəklər.

Xatırladaq ki, “Zirə” bu mövsüm avrokubok mübarizəsinə Avropa Liqasından başlayıb. Bu turnirin 1-ci təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşmış Rəşad Sadıqovun komandası səfərdə 1:0 hesablı qələbə qazansa da, evdə 1:2, penaltilərdə də 4:5 hesabıyla uduzaraq Avroliqa ilə vidalaşıb. Mübarizəni Konfrans Liqasında davam etdirən təmsilçimiz bu turnirin 2-ci raundunda Slovakiyanın “Dunayska Streda” komandasını üstələyib – evdə 4:0, səfərdə 2:1.

“Sabah” isə mübarizəyə elə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb. Səfərdə İsrailin “Makkabi” (Hayfa) komandasına 3:0 hesabıyla qalib gəlmiş Krunoslav Renduliçin kollektivi evdə 3:6 hesablı məğlubiyyətə üzülüb. Amma penalti seriyasında 3:2 hesablı qələbə “bayquşlar”ı bu mərhələyə çıxarıb.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
15 avqust

20:00. “Sabah” – “Sent Patriks”
Hakimlər: Marsel Birsan, Radu Qinquleas, Adrian Vorniku, Andrey Antonie.
VAR hakimləri: Radu Petresku, Rares Vidikan (hamısı Rumıniya).
“Masazır Arena.”
İlk oyun – 0:1.

20:30. “Zirə” – “Osiyek”
Hakimlər: Yulian Veinberger, Maksimilian Kolbitş, Andreas Vitsçniqq, Stefan Ebner.
VAR hakimləri: Valter Altmann, Andreas Heyss (hamısı Avstriya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 1:1.