“Zirə”yə çempion olmaq üçün gəlmişəm” – Filipe Paxtman

“Zirə”nin yeni transferi Filipe Paxtman Azərbaycan klubuna keçidindən danışıb.

Arena.az xəbər verir ki, Ukraynanın “Lvov” klubundan mövsümün sonuna qədər icarəyə götürülən 21 braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan çempionu olmaq istədiyini bəyan edib:

“Bura gəlişimə çox motivasiya olunmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboka vəsiqə uğrunda mübarizə aparır. Artıq xeyli müddətdir ki, Braziliyadan kənardayam. Bu səbəbdən, komandaya tez uyğunlaşacağıma inanıram və bu nikbinliyim ölçüsüzdür. Bütün Avropa komandalarının arzusu UEFA Çempionlar Liqası və Avropa Liqasında oynamaqdır. “Zirə”nin çempion olmasına kömək etmək üçün buraya gəldim. Ancaq avrokuboklara vəsiqə şansı verdiyindən, hazırkı mövqeyimizin də bizim üçün önəmli olduğunu deməliyəm”.

Qeyd edək ki, “Zirə” hazırda Azərbaycan Premyer Liqasında 23 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə matçda debüt edən Filipe Paxtman mövsümün sonunda bakılılarla 3 illik müqavilə imzalamaq hüququna malikdir.