Zlatan İbrahimoviç: “Almaniya futboluna və millisinə heyranam”

“Milan” rəhbərliyinin müşaviri Zlatan İbrahimoviç Almaniya futbolundan söhbət açıb, həmçinin ölkə nəhəngi “Bayern”ə münasibətindən danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ötənlərin isveçli keçmiş hücumçusunun bu barədə fikirlərini təqdim edir:

“Almaniyada futbol görkəmli səviyyədədir. Mən yerli stadionlarını bəyənirəm, çünki onlar həmişə doludurlar. “Bayern” kimi bir klubda oynamaq, əlbəttə ki, sadəcə klubun tarixinə və oyunçularına görə gözəl olardı. Mənim üçün “Bayern” dünyanın ən böyük beş klubundan biridir. Mən Almaniya futboluna və milli komandasına heyranam. Onların mənə imkanı yox idi (gülür). Amma yox, zarafat bir yana, heç vaxt ora köçmək imkanım olmayıb. Bu, əla olardı, amma taleyin mənim üçün başqa planları vardı”, deyə “İbra” adəti üzrə özünü dağ başına qoyub.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

Xəbəri sosial şəbəkələrdə paylaş: