“Milan”ın prezidentinin müşaviri Zlatan İbrahimoviç “rossoneri”nin düşərgəsində nə işlə məşğul olduğu haqda sualı cavablayıb.
Arena.az jurnalist Canluka Di Martsioya istinadən məlumat verir ki, məşhur “İbra” sualı elə, özünənməxsus üslubda da cavablayıb:
“Mənim klubdakı iş-gücüm? Bu ki sadədir: mən əmrlər verirəm, başqaları isə dinləyib icra edirlər. Niyə bəzən klubda tapılmıram? Bircə, onu deyə bilərəm ki, şir səfərə gedəndə pişik-mişiklər rahatlaşırlar, şir qayıdanda isə onlar dağılışırlar”, deyə qalmaqallı isveçli mütəxəssis bildirib.
Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib. O, futbolçu ikən sonuncu klubu olan “Milan” rəhbərliyində işə düzəlib.
Yeri gəlmişkən, Zlatan İbrahimoviç “Milan”ın yay transfer pəncərəsindəki fəaliyyətini qiymətləndirib. O, “Napoli”nin hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenlə bağlı sualı cavablamaqdan yayınıb:
“Yay bazarı istədiyimiz kimi keçdi. Biz çatışmayan futbolçuları aldıq. Bizə daha çox hücum xəttini gücləndirmək gərək idi və biz Abrahamla müqavilə bağladıq.
Viktor Osimheni əldə etməyə çalışmışıqmı? Bu barədə heç nə deməyəcəyəm”, deyə isveçli mütəxəssis bildirib.