Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında tarixi nəticəyə imza atıb. Arena.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunmuş sayca 39-cu qitə birinciliyinin sonuncu yarış gününə gimnastların fərdi proqramda ayrı-ayrı alətlər üzrə final çıxışları ilə start verilib.
Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova bu gün həlledici mərhələdə halqa, top və gürzlərlə çıxış edib. İdmançımız topla hərəkətlərin icrasında uğurla çıxış edərək (32.850 xal) bürünc medala sahib çıxıb.
Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə bununla daha bir tarixi nəticəyə imza atıb. O, Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb.
Xatırladaq ki, Zöhrə təsnifat mərhələsində halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlmişdi. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutmuşdu. Gimnastımız gürzlərlə hərəkətlərin icrasında hakimlərdən 31.050 xal almaqla adını finala yazdırmışdı. O, lentlə hərəkətlərdə də 28.900 xal toplamışdı. Beləliklə, 4 hərəkətin cəmində 95.750 xal yığan Ağamirova ümumi sıralamada 5-ci yeri tutaraq, çoxnövçülükdə də finala adlamışdı.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparıb. Onlardan 191-i böyüklər, 124-ü isə gənclər arasında qüvvəsini sınayıb.
Xatırladaq ki, ilk gündə Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450) bürünc medala layiq görülmüşdülər. Onlar 5 topla hərəkətlərin icrasında da (29.000 xal) bürünc medal qazanmışdılar.