Zöhrə Ağamirova Bakıdakı AÇ-də daha 2 növ üzrə finala yüksəldi

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında daha iki növdə finala vəsiqə qazanıb. Arena.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunmuş sayca 39-cu qitə birinciliyinin üçüncü yarış günündə Azərbaycanın iki bədii gimnastı fərdi proqramda çıxış edib.

Zöhrə Ağamirova ilə İlona Zeynalova təsnifat mərhələsində gürzlər və lentlərlə bacarıqlarını göstəriblər. Gürzlərlə hərəkətlərin icrasında hakimlərdən 31.050 xal alan Ağamirova adını finala yazdırıb. O, lentlə hərəkətlərdə də 28.900 xal toplayıb. Beləliklə, 4 hərəkətin cəmində 95.750 xal yığan Ağamirova ümumi sıralamada 5-ci yeri tutaraq, çoxnövçülükdə də finala adlayıb.

Azərbaycan gimnastı daha əvvəl halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlmişdi. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutmuşdu.

İlona Zeynalova isə təsnifatın ilk günündə olduğu kimi, ikinci günündə də finala vəsiqə qazana bilməyib.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparır. Onlardan 191-i böyüklər, 124-ü isə gənclər arasında qüvvəsini sınayır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında qalibləri müəyyənləşdirəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Xatırladaq ki, ilk gündə Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450) bürünc medala layiq görülüblər. Onlar 5 topla hərəkətlərin icrasında da (29.000 xal) bürünc medal qazanıblar.

Bədii gimnastika üzrə Avropa çempionatına mayın 21-də yekun vurulacaq.