Zöhrə Ağamirova Bakıdakı AÇ-də finala vəsiqə qazandı

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə sayca 39-cu Avropa çempionatında finala vəsiqə qazanıb. Arena.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunmuş qitə birinciliyinin ikinci yarış günündə Azərbaycanın iki bədii gimnastı fərdi proqramda çıxış edib.

Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla bacarıqlarını nümayiş etdiriblər. Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.

Zeynalova halqa ilə hərəkətlərdə hakimlərdən 23.900 xal alaraq 59-cu olub. Gimnast topla hərəkətlərdə isə 27.300 xal toplayıb və yekunda 35-ci yeri tutub. Nəticədə Zörhədən fərqli olaraq, İlona finala yüksələ bilməyib.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparır. Onlardan 191-i böyüklər, 124-ü isə gənclər arasında qüvvəsini sınayır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında qalibləri müəyyənləşdirəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Xatırladaq ki, ilk gündə Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450) bürünc medala layiq görülüblər. Onlar 5 topla hərəkətlərin icrasında da (29.000 xal) bürünc medal qazanıblar.

Bədii gimnastika üzrə Avropa çempionatına mayın 21-də yekun vurulacaq.