Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves zorlama işində minimum cəzaya nail olmaq üçün istintaqla razılaşmaq niyyətindədir.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Alves bu yaxınlarda vəkilini dəyişib. İndi braziliyalının maraqlarını məhkəmədə, cinsi zorakılıq və cinayət hüququ üzrə ixtisaslaşmış kataloniyalı hüquqşünas İnes Qvardiola təmsil edir. Vəkil dəyişikliyi ilə yanaşı, braziliyalının məhkəmədə seçdiyi müdafiə strategiyası da dəyişib. İndi müdafiə xəttində əsas fikir, futbolçunun cəzasını mümkün qədər azaltmaq üçün İspaniya ədliyyə sistemi ilə razılığa gəlməkdir. Hələlik məşhur braziliyalını 8 ildən 10 ilə qədər həbs gözləyir.
Nəzərdə tutulmuş bu planı həyata keçirmək üçün Alves zərərçəkənə dəymiş ziyana görə hələ müəyyən edilməmiş məbləği ödəməli olacaq. Bundan əlavə, Dani Alves cinayəti törətməkdə günahını etiraf etməlidir. Amma bu etiraf onun bu işdə əvvəlcədən verdiyi beş ifadə ilə ziddiyyət təşkil edəcək. Belə ki, Alves əvvəlki ifadələrində heç biz zor tətbiq etmədiyini, bu işin qarşılıqlı surətdə icra edildiyini israr edirdi.
Xatırladaq ki, Dani Alves 6 aydan çoxdur ki, Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında Alves Barselonadakı “Satton” gecə klubunda 23 yaşlı qadını zorlamaqda ittiham edilərək həbsə alınıb.